Bizim futbol

Elşad Əhmədov: “Premyer Liqaya yaxşı hazırlaşmışıq”

“Sabah” Topaz Premyer Liqasının yeni mövsümündə keçirəcəyi ilk oyuna hazırlığı başa vurub. 

Dsport.az xəbər verir ki, sözügedən komanda elitada keçirəcəyi ilk matçda “Keşlə”nin qonağı olacaq. Baş məşqçi Elşad Əhmədov klub üçün tarixi oyun barədə mətbuat xidmətinə açıqlama verib:

“Çempionatda ilk oyunumuza çıxacağıq. “Keşlə” ilə qarşılaşacağıq. Rəqibə hörmətlə yanaşırıq. Artıq uzun müddətdi Premyer Liqada çıxış edirlər. Yaxşı, oturuşmuş komandaya sahibdilər. Klub təzəlikcə yeni baş məşqçi ilə anlaşıb. Futbolçular yeni çalışdırıcıya özlərini sübut etmək üçün meydanda var qüvvələri ilə mübarizə aparacaqlar.

Bizə gəldikdə isə, çempionata yaxşı hazırlaşmışıq. İlk oyunumuzda qənaətbəxş nəticə əldə etmək istəyirik. Komanda daxilində əhval-ruhiyyə yaxşıdı. Var qüvvəmizlə oynayıb, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik”.

Xatırladaq ki, “Keşlə” - “Sabah” oyunu bu gün Bakıda, “ASK Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.