Bizim futbol

“Həm “Qarabağ”da, həm də millidə qarşıma yüksək hədəflər qoymuşam”

“Düşünürəm ki, bu formatda yarış keçirmək lazım idi. Millətlər Liqası futbolçuların öz yığmalarında daha çox beynəlxalq oyun keçirməsi baxımından önəmlidi”.

Dsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlamasında deyib. Bolqarıstan yığması UEFA Millətlər Liqasında ilk oyununu bu gün səfərdə Sloveniyaya qarşı keçirəcək. Bu qarşılaşma ilə bağlı fikirlərini bildirən 24 yaşlı futbolçu yaxşı nəticə qazana biləcək gücdə olduqlarını söyləyib. Savçev "Qarabağ"da olduğu kimi, millidə qarşısına yüksək hədəflər qoyduğunu bildirib:

"Bizdə lider kollektiv oyundu. Sloveniyanı yaxşı tanıyırıq. Çətin rəqib olmasına baxmayaraq, artıq yaxşı nəticələr qazanmağa başlamalıyıq. Özümü əla hiss edirəm. Çünki artıq çox oynayıram. Yaxşı fiziki formadayam. Özümə lazımı qədər güvənim var. Klubumda olduğu kimi, millidə qarşıma yüksək hədəflər qoymuşam”.

Qeyd edək ki, Bolqarıstan yığması Millətlər Liqasında ikinci oyununu isə sentyabrın 9-da Norveçə qarşı keçirəcək.