Digər növlər

Rüstəm Qasımov fəxri kürsüdə!

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında təşkil olunan ağır atletika üzrə Avropa birinciliyi davam edir. 

Dsport.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir. Bu gün millimizin üzvlərindən daha bir neçəsi körpücük üzərinə çıxıb. 

Fazilə İmanova yaşı 15-ə qədər olan qızların mübarizəsində 53 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 50 kq nəticə ilə 9-cu, təkanla qaldırma hərəkətində də 66 kq-la 9-cu yeri tutub. Toplam 116 kq (50+66) nəticə ilə Fazilə İmanova Avropa birinciliyində 9-cu pillədə qərarlaşıb.

Sale Alxasov yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq-lıq ştanqı üç yanaşmanın heç birində ram edə bilməyib. Təkanla qaldırma hərəkətində Saleh 115 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Alxasov yekun sıralamada yer tuta bilməyib.

Elməddin Hüseynov və Rüstəm Qasımov isə yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Elməddin Hüseynov birdən qaldırma hərəkətində 111 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub. Təkanla qaldırma hərəkətində atletimiz 135 kq-ı başı üzərinə qaldırıb və 9-cu olub. Toplam 246 kq (111+135) nəticə ilə Elməddin Avropa birinciliyində yekun sıralamada 8-ci pillədə qərarlaşıb.

Yeniyetmələr arasında 2016-cı il Avropa birinciliyinin bürünc, 2017-ci ildə isə qızıl medalçısı olan Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlu yerinə yetirib. 117 kq-ı ram edən Qasımov bu hərəkətdə kiçik gümüş medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində atletimizin bəxti gətirməyib və o 137 kq nəticə ilə bu hərəkətdə 6-cı olub. Toplam 254 kq (117+137) nəticə ilə Rüstəm Qasımov yekun sıralamada 5-ci yeri tutub.