Digər növlər

Əliyev Avropa birinciliyinin bürünc medalını qazandı

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında təşkil olunan ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış gününə yekun vurulub.

Dsport.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

İlk olaraq Anna Opanasyuk yaşı 15-ə qədər olan qızların mübarizəsində 58 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, 52 kq nəticə ilə birdən qaldırma, 65 kq nəticə ilə təkanla qaldırma hərəkətində, həmçinin toplam 117 kq (52+67) nəticə 5-ci yeri tutub.

Millimizin daha iki üzvü – Fidan Mirzəzadə və Səma Mayılova yaşı 15-ə qədər qızların mübarizəsində 63 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Fidan Mirzəzadə birdən qaldırma hərəkətində 59 kq nəticə ilə 6-cı, təkanla qaldırma hərəkətində 73 kq nəticə ilə 7-ci, toplam 132 kq (59+73) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub. 

Səma Mayılova isə birdən qaldırma hərəkətində 61 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərəkətində 76 kq nəticə ilə 6-cı, toplam 137 kq (61+76) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Son olaraq millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olan Füqan Əliyev yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib.

Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avroopa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.